Bakı. TurkicWorld:
Türkiyənin Zirehli Amfibiya Hücum Vasitəsi (ZAHA) "Şərqi Aralıq dənizi-2023" təlimində istifadə edilib.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.
Məlumata əsasən, Türkiyə Dəniz Qüvvələri tərəfindən təşkil edilən təlimdə TCG Anadolu gəmisi, vertolyotlar, SAS və SAT qrupları iştirak edib. TCG Anadoluda Azərbaycan və Türkiyə dostluğunu vurğulamaq üçün üç Azərbaycan və üç türk əsgəri gəminin göyərtəsinə kəndirlərlə endirilib. Əsgərlər göyərtədə Türkiyə və Azərbaycan bayraqlarını açıb dostluq mesajı verib.
Qeyd edək ki, xüsusi olaraq dəniz piyadalarının ehtiyacları üçün hazırlanıan ZAHA həm quruda, həm də suda hərəkət edə bilər. Quruda saatda 70 kilometr, dənizdə isə 7 knot sürətlə hərəkət edir. O, 60 faizlik dik yamaca qalxa, 40 faiz yan yamacdan yapışa, 90 sm şaquli maneələri və 2 m xəndəkləri keçə bilir. Çətin hava şəraitində dənizdə çevrilmə halında, ekipaj üzvlərinə zərər vermədən və əlavə sistemdən istifadə etmədən özünü döndərmək qabiliyyətinə malikdir. ZAHA dörd fərqli konfiqurasiya variantı təklif edir. ZAHA-dan personal daşıyıcısı, komanda maşını, xilasetmə maşını və minadan keçən avtomobil kimi istifadə edilə bilər.