Ərdoğan Papa Fransisk ilə İsrail-Fələstini münaqişəsini müzakirə edib

Ərdoğan Papa Fransisk ilə İsrail-Fələstini münaqişəsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın rəhbəri Papa Fransisk ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı İsrail və Fələstin arasındakı münaqişələr və regionda getdikcə daha da dərinləşən ciddi insan hüquqları pozuntuları müzakirə edilib.

Ərdoğan danışıqlar zamanı bildirib ki, İsrailin Qəzzaya qarşı heç bir müqəddəs mətndə yeri olmayan hücumları qətliam həddinə çatıb, beynəlxalq ictimaiyyətin baş verənlərdən xəbərsizliyi insanlıq üçün utanc vericidir və bütün dövlətlər bu məsələni gündəmə gətirməlidirlər.

Ərdoğan həmçinin vurğulayıb ki, üç tək tanrılı dinin müqəddəs məkanlarına ev sahibliyi edən bölgədə daimi sülh ancaq 1967-ci il sərhədlərində müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş, paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin qurulması ilə mümkün olacaq. Eyni zamanda, Türkiyə Qəzzaya humanitar və tibbi yardımın çatdırılması üçün böyük səylər göstərir və yardımların günahsız mülki şəxslərə fasiləsiz çatdırılması üçün hər kəsin bu səyləri aktiv şəkildə dəstəkləməsi lazımdır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.