Fulya Öztürk İsraildə təhdid edilib

Fulya Öztürk İsraildə təhdid edilib

Bakı. TurkicWorld:

İsraillə HƏMAS arasındakı münaqişəni yerində izləyən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahraman telefonla təhdid edilib.

TurkicWorld xəbər verir ki, bu barədə F.Öztürk öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Mən İsraildə olarkən İsrail xəttindən istifadə edirəm. Dörd rəqəmli “02-21” nömrəsindən mənə zəng etdilər. Səsi zəif olan bir adam İsraildə olub-olmadığımı soruşdu və yenə zəng edəcəyini bildirdi", - deyə o paylaşımında qeyd edib.

F.Öztürk onu da bildirib ki, İsrail Telegram səhifələrində daha öncədən onun şəkilləri paylaşılıb.

"Bu dörd rəqəmli nömrəni görəndə təəccübləndim. Dərhal səfirliyə zəng etdim. Lazım olan yerlərlə də danışıram. Komanda yoldaşlarım və mən indi yaxşıyıq", - deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda 1661-i uşaq olmaqla, 4 min 137 nəfər həyatını itirib, 13 min 260 nəfər yaralanıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01