Türkiyədə "Azərbaycan Ələt Azad İqtisadi Zonasının Təşviq Toplantısı" keçiriləcək

Türkiyədə "Azərbaycan Ələt Azad İqtisadi Zonasının Təşviq Toplantısı" keçiriləcək

Bakı. TurkicWorld:

DEİK/Türkiyə-Azərbaycan İş Şurasının ev sahibliyi ilə may ayının 8-i saat 15:30-da DEİK-in Baş Qərargahında Azərbaycan Ələt Azad İqtisadi Zonasının Təşviq Toplantısı keçiriləcək.

TurkicWorld-un məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Ankaradakı səfiri Rəşad Məmmədov və Azərbaycan Ələt Azad İqtisadi Zonasının (AİES) İdarə Heyətinin sədri Valeh Ələsgərov iştirak edəcək.

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli etmək məqsədilə yaradılmışdır.

Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflənir.

Qeyd olunan toplantıda iştirak etmək istəyən üzvlərimiz 6 iyun 2023-cü il, çərşənbə axşamı iş gününün sonuna qədər qeydiyyat formasını doldurmalıdırlar.