BAKI, TurkicWorld, Orxan Qədirzadə
Kipr Türk xalqının ilk dəfə dövlət quruculuğu təcrübəsi qazandığı siyasi qurum – Kipr Türk Federe Dövləti – 13 fevral 1975-ci ildə elan edilib.
1974-cü il hadisələrindən sonra formalaşan yeni siyasi reallıq çərçivəsində Kipr Türk tərəfi çoxpartiyalı parlament sisteminə keçid və federativ əsasda idarəetmə modelinin qurulması istiqamətində addımlar atıb. Bu proses 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyətinin elanına qədər davam edən dövlətçilik mərhələsinin əsasını təşkil edib.
1974-cü il 20 iyul tarixində Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilən Kıbrıs Barış Harekatı adada yeni siyasi mərhələnin başlanğıcı oldu. Bunun ardınca 1 oktyabr 1974-cü ildə Muxtar Kipr Türk İdarəçiliyi yaradıldı.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Kurt Valdhaym 25–26 avqust 1974-cü ildə adaya səfər edərək tərəflər arasında danışıqların başlanmasını təklif etmişdi. Bu çağırış fonunda Muxtar Kipr Türk İdarəçiliyi Məclisi federativ əsasda bərabərlik prinsipinə söykənən qurumun yaradılmasını dəstəklədi və yekdilliklə Kipr Türk Federe Dövlətinin elan edildiyini bildirdi.
Kipr Türk Federe Dövlətinin təsis bəyannaməsi Muxtar Kipr Türk İdarəçiliyi Məclisində Rauf Denktaş tərəfindən oxundu. O, həm idarəetmə rəhbəri, həm də yeni qurumun ilk prezidenti oldu.
8 iyun 1975-ci ildə konstitusiya ümumxalq səsverməsinə çıxarıldı və qəbul edildi. Bununla Kipr Türk tərəfi ilk dəfə konstitusiya quruculuğu və çoxpartiyalı siyasi sistem təcrübəsi əldə etdi.
1976-cı ildə ilk ümumi seçkilər keçirildi, 1981-ci ildə isə növbəti seçkilər baş tutdu. Bu dövrdə iki yerli seçki də təşkil olundu. Dövlət strukturları daxilində qarşıya çıxan problemlər parlament mexanizmləri vasitəsilə həll edilməyə çalışıldı.
1976-cı ildə keçirilən seçkilərdə Rauf Denktaş dövlət başçısı seçildi, Nejat Konuk isə ilk baş nazir oldu.
Kipr Türk Federe Dövləti dövründə tərəflər arasında danışıqlar davam etdirildi. 1977-ci ildə Başpiskopos Makarios ilə Rauf Denktaş arasında zirvə görüşü keçirildi. 1979-cu ildə isə Spiros Kiprianu ilə növbəti görüş baş tutdu.
15 noyabr 1983-cü ildə Məclis yekdilliklə Şimali Kipr Türk Cumhuriyətinin yaradıldığını elan etdi və bununla Kipr Türk Federe Dövləti mərhələsi başa çatdı.