Kokand qırğınından 106 il keçir

Kokand qırğınından 106 il keçir

Bakı. TurkicWorld:

106 il bundan əvvəl 19-22 fevral 1918-ci ildə Türküstan muxtariyyətinin mərkəzi olan Kokand şəhəri Sovet ordusu və erməni millətçi Daşnaksütyun təşkilatı tərəfindən dağıdılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türküstan muxtariyyətini ləğv etmək üçün 1918-ci il fevralın 19-da Türküstan vilayətinin hərbi komissarı E.Perfilevin başçılığı ilə 11 eşelondan ibarət ordu Daşkənddən Kokanda gələrək Türküstan muxtariyyətinə qarşı döyüşüb və dinc insanlara divan tutulub.

Əvvəlcə şəhər 12 topla bombalanıb, daha sonra fevralın 20-də piyada qoşunları və Daşnaksütyun döyüş hissələri şəhərə daxil olub.

Şəhərdə misli görünməmiş qırğın təşkil edilib. Üç gün ərzində davam edən qırğınlarda 10 mindən çox insan öldürüldü.
Bu hadisələrdən sonra “Uluq Türkistan” nəşri Kokand şəhərini “ölülər şəhəri” adlandırdı. Böyük müqavimətə baxmayaraq, fevralın 22-də şəhərdəki Rus-Osiyo bankının binasında Türküstan muxtariyyətinin təslim olması haqqında məcburi “barışıq” imzalandı.