Son dəqiqə

Azərbaycan Azərbaycan İlahiyyat İnstitutu Aİİ Qusar

İlahiyyat İnstitutunun növbəti maarifləndirici tədbiri Qusar rayonunda baş tutub

Bakı. TurkicWorld:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri davam edir.

TurkicWorld xəbər verir ki, institutun sonuncu səfəri Qusar rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, din xadimləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Qusar şəhər 6 nömrəli tam orta məktəbin direktoru Kəmalə Sadıqova tədbir iştirakçılarını salamlayıb. K. Sadıqova ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin önəmindən bəhs edib, İlahiyyat İnstitutunda bu amillərə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbə müdiri Ramin Xudayev Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verib. Dinin insan həyatındakı əhəmiyyətli rolundan bəhs edən R.Xudayev ölkəmizin tolerantlıq nümunəsi olduğunu, bütün dünlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, hazırda cəmiyyətimizdə tolerant və multikultural mühitin qorunması və inkişafı din sahəsində aparılan uğurlu siyasətin nəticəsidir.

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində keçirilən tədbirlər, seminarlar, "dəyirmi masa"lar barədə söhbət açan rektor bildirib ki, Aİİ-dən məzun olan gənclərin ölkəmizi xarici qüvvələrin yad təsirlərindən qoruyan, sağlam dini düşüncəli, Vətənini, xalqını sevən yüksəkixtisaslı kadrlar kimi yetişmələri istiqamətində məqsədyönlü tədris aparırıq.

A.Şirinov daha sonra ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb. Rektor yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanmaları üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaqlar, hətta pulsuz dərsliklər, yeməkpulu ilə də təmin olunacaqlar.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Mövzuya görə xəbərlər