BAKI,TurkicWorld Orxan Qədirzadə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, baş vermiş hadisə Ombudsmanın ciddi narahatlığına səbəb olub.
Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa arzulayıb, onun ailəsinə və yaxınlarına dərin həmrəyliyini və mənəvi dəstəyini ifadə edib.
Bununla yanaşı, vətəndaşlara mina təhlükəsinin davam etdiyini nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi riayət etmələri, yalnız müəyyən edilmiş marşrutlardan istifadə etmələri, naməlum əşyalara toxunmamaları və daim ayıq-sayıq olmaları tövsiyə edilib.
Bəyanatda vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun illər ərzində kütləvi şəkildə minalarla çirkləndirilməsi münaqişədən sonrakı dövrdə də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir.
Qeyd olunub ki, mina partlayışları insanların yaşamaq, sağlamlığın qorunması və təhlükəsiz mühitdə yaşamaq hüquqlarına, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə olaraq qalır.
Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları mina təhlükəsinin yaratdığı ağır humanitar nəticələrə daha həssas yanaşmağa, Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə göstərilən beynəlxalq dəstəyi gücləndirməyə, texniki, maliyyə və ekspert yardımının genişləndirilməsinə töhfə verməyə çağırıb.
Bəyanatda bir daha qeyd edilib ki, mina təhlükəsinin aradan qaldırılması insan hüquqlarının etibarlı təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.






