Bakı, Dekabr 19. /TurkicWorld/
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2012-ci il aprelin 6-da Gəncə şəhərində keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi əməliyyatlar strukturunun polkovnik-leytenantı Elşad Quliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə TurkicWorld-ə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Yubiley tədbirində mərhumun ailə üzvləri ilə yanaşı, DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantları və DTX-nin hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Elşad Quliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə peşəkarlığından, əməliyyatlarda göstərdiyi xüsusi qəhrəmanlıqlardan, yüksək insani keyfiyyətlərindən söhbət açmış, ömrünün 17 ilini həsr etdiyi bu orqanlarda şərəfli xidmət yolu keçdiyini, Vətən uğrunda nümayiş etdirdiyi cəsurluq və fədakarlıq nümunələrinin gənc nəslə daim örnək olduğunu və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsində mühüm rol oynadığını bildirmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə polkovnik-leytenant Elşad Quliyevin müxtəlif vaxtlarda “İgidliyə görə”, “Vətən uğrunda” medalları və ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunması onun xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymətin bariz təzahürüdür.
Ardınca tədbir iştirakçıları “Trend” Beynəlxalq İnformasiya Agentliyinin DTX-nin təşkilati dəstəyi ilə ərsəyə gətirdiyi, Elşad Quliyevin həyat və fəaliyyətindən bəhs edən “Qəhrəman xüsusi təyinatlı” sənədli filminə tamaşa ediblər.
Daha sonra qonaqlara DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.