Bakı, TurkicWorld:
Məhkəmə-Hüquq Şurası yenilənmədən sonra istifadəyə verilmiş "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı yaranan çətinliklərə münasibət bildirib.
Şuradan TurkicWorld-un sorğusuna cavab olaraq bildirilib ki, yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün məlumatlar, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin icraatında olan elektron işlərdə öz əksini tapıb.
Qeyd olunub ki, keçid prosesi ilə bağlı yaranmış çətinliklər üzrə müraciətlərin operativ cavablandırılması üçün Şuranın 887 nömrəli qaynar xətti həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərir.
Açıqlamada vurğulanıb ki, 2014-cü ildən istifadə edilən "Elektron məhkəmə" informasiya sisteminin yeni interfeys və proqram təminatı əsasında yenidən qurulmasına zərurət yaranıb. Bildirilib ki, yenilənmiş platforma əlavə imkanlarla zənginləşdirilib.
Yeni sistem vasitəsilə vətəndaşlar, vəkillər və digər proses iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə edə biləcəklər.

