Son dəqiqə

Azərbaycan Azərkosmos

Azərbaycan “IAC 2026”da elmi məqalələrin sayına görə yeni rekorda imza atıb

BAKI,TurkicWorld

Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Azərbaycan 814 elmi məqalə ilə dünyada ikinci yerdə qərarlaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyindən (Azərkosmos) məlumat verilib.

Bu göstərici ötən illə müqayisədə təxminən 29% artım deməkdir. Belə ki, 2025-ci ildə konqresə Azərbaycandan 632 elmi məqalə təqdim olunmuşdu. Artım dinamikası ölkədə kosmik elmə və tədqiqat fəaliyyətinə marağın ildən-ilə gücləndiyini göstərir.

Bu il konqresə ümumilikdə 8325 elmi məqalə təqdim olunub. Məqalə sayına görə ilk beşlikdə həmçinin Türkiyə (1810 məqalə), ABŞ (615), Çin (599) və İtaliya (492) qərarlaşıb.

Konqresə təqdim olunan elmi işlər kosmik sənayenin geniş spektrini əhatə edir. Bu mövzular sırasında kvant texnologiyaları, süni intellekt, davamlı inkişaf, planetar elm, kosmik siyasət, təhsil və yaradıcı fənlərarası yanaşmalar yer alır. Qeyd etmək lazımdır ki, layihənin nəticəsi olaraq 2023–2025-ci illər arasında Azərbaycan universitetlərinin mövzu üzrə QS reytinqində təxminən 19–35% arasında artım müşahidə olmuşdur. Həmçinin, 2025-ci ildə ümumi QS reytinqində 45,9–93,3%, Shanghai (ARWU) reytinqində isə 2–14% arasında artım müşahidə olunmuşdur. Xüsusilə 2025-ci ildə təqdim olunan elmi məqalələrin 30%-nin Scopus beynəlxalq elmi bazasında qəbul olunması tələbələrin və gənc alimlərin QS və Shanghai kimi qlobal reytinq sistemlərində iştirak potensialının artmasına şərait yaratmışdır.

Qeyd edək ki, məlumatların təhlili QS World University Rankings rəsmi məlumat bazası (qs.com), Scopus beynəlxalq elmi indeksləşdirmə platforması və universitetlərin akademik məlumat sistemləri əsasında aparılmışdır.

Azərbaycanın son illərdə Beynəlxalq Astronavtika Konqresində əldə etdiyi uğurlarda Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rolu xüsusi qeyd olunur. Akademiyanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq kosmik elmi platformalarda təmsilçiliyini gücləndirmək məqsədilə Milli Elmi Komanda formalaşdırılıb.Milli Elmi Komanda onlarla ali təhsil müəssisəsinin gənc alimləri və tələbələrindən ibarətdir. 2026-cı il üzrə elmi məqalələr aşağıdakı universitetlərin tələbələri tərəfindən təqdim edilib: Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Tibb Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Türk Azərbaycan Universiteti, Xəzər Universiteti, Azərbaycan Texnoloji Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi.

Milli Elmi Komanda son illərdə Azərbaycanın konqresdəki iştirakının genişlənməsinə mühüm töhfə verib. Belə ki, 2023-cü ildə Bakıda keçirilən konqresdə 214 elmi məqalə, 2024-cü ildə 345 elmi məqalə, 2025-ci ildə isə 632 elmi məqalə təqdim olunub. Həmin dövlərdə Bakı konqresində 82 nəfərdən, Milan konqresində 52 nəfərdən və Sidney konqresində 52 nəfərdən ibarət tələbə və gənc alimlərdən ibarət Milli Elmi Komanda ölkəmizi uğurla təmsil edib.

77-ci Beynəlxalq Astronavtika Konqresi 5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər, mühəndislər, sahibkarlar, akademiklər və tələbələr bir araya gələrək kosmos tədqiqatlarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Bu ilki konqresin əsas mövzusu: “Dünyanın daha çox kosmosa ehtiyacı var” (The World Needs More Space). Mövzu bəşəriyyətin qarşısında duran qlobal çağırışlara kosmik texnologiyalar vasitəsilə həll yollarının tapılması, kosmosun bəşəriyyət üçün əhəmiyyətinin daha dərindən dərk olunması, həmçinin innovasiya, davamlı inkişaf, müxtəliflik və qlobal əməkdaşlığın təşviqi kimi istiqamətləri əhatə edir.

Mövzuya görə xəbərlər