BAKI,TurkicWorld
Rumıniyanın paytaxtı Buxarestdə rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik mövzularına həsr olunmuş beynəlxalq sammit keçirilib.
TurkicWorld xəbər verir ki, Rumıniya Parlamentində təşkil olunan üç günlük “Digital Innovation Summit Bucharest 2026” beynəlxalq sammiti Rumıniya Deputatlar Palatasının və Rumıniya Hökumətinin dəstəyi ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu – ICI Bucharest tərəfindən keçirilib.
Sammitdə müxtəlif ölkələrdən dövlət qurumlarının rəhbərləri, nazirlər, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri və özəl sektor üzrə ekspertlər iştirak ediblər.
Tədbirdə Azərbaycanı təmsil edən XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov “Regional münaqişələrin idarə olunmasında kiberdiplomatiyanın rolu və alətləri” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. O, kiberməkanın müasir təhlükəsizlik mühitində strateji əhəmiyyətindən, rəqəmsal mühitdə yaranan çağırışlar fonunda kiberdiplomatiyanın rolundan və dövlətlərarası əməkdaşlığın vacibliyindən danışıb.
Panel müzakirələrində XRİTDX-nin mətbuat katibi Saidə Bayramova da iştirak edib. O, “Deepfake və generativ süni intellekt dövründə medianın dayanıqlığı” mövzusunda çıxış edərək süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda informasiya mühitində yaranan risklərə diqqət çəkib. Çıxışda xüsusilə “deepfake” texnologiyaları vasitəsilə yayılan manipulyativ məzmun, fişinq hücumları və dezinformasiya ilə mübarizənin əhəmiyyəti vurğulanıb.
Sammit çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt texnologiyalarının tətbiqi və informasiya mühitində dayanıqlılığın təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu – ICI Bucharest arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu 2023-cü ildə Buxarestdə keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb. Sənəd iki qurum arasında kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsini və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.







