Son dəqiqə

Azərbaycan Azərkosmos şəhərsalma AZCON Holding

Azərkosmos Yerin məsafədən müşahidəsi üzrə müsabiqə elan etdi

BAKI,TurkicWorld

AZCON Holding şirkətlərindən olan Azərkosmos hər il keçirilən Yerin məsafədən müşahidəsi üzrə növbəti müsabiqəni elan edir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərkosmosdan məlumat verilib.

2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi nəzərə alınaraq, cari müsabiqə də məhz “Şəhərsalma və Memarlıq” mövzusuna həsr olunub.

Bu çərçivədə təqdim olunacaq layihələr şəhərsalma, memarlıq, infrastruktur, kadastr, ərazi planlaşdırılması, rəqəmsal əkiz (digital twin) və 3D xəritələmə kimi alt mövzuları əhatə edir.

Müsabiqə çərçivəsində urbanizasiya proseslərinin təhlili, şəhər mühitinin planlaşdırılması, infrastrukturun inkişafı, yaşıl və ağıllı şəhər konsepsiyaları, eləcə də bu sahələrdə peyk təsvirləri və geoinformasiya texnologiyaları vasitəsilə həyata keçirilən elmi və tətbiqi layihələrə dəstək göstərilməsi nəzərdə tutulur.

Müsabiqənin nəticəsi olaraq peyk təsvirləri əsasında aparılan elmi tədqiqatlara dəstək verilməklə yanaşı, Azərbaycanda elmi fəaliyyətin inkişafına töhfə veriləcək, həmçinin şəhərsalma, memarlıq, nəqliyyat, ətraf mühit və turizm kimi sahələrdə tətbiq oluna biləcək yeni ideya və innovativ həllərin aşkar olunmasına şərait yaradılacaq.

Layihənin yekununda müsabiqənin 3 qalibi seçiləcək və mükafatlandırma mərasimi keçiriləcək. Qaliblərə pul mükafatlarının təqdim edilməsi, həmçinin əlavə nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün və qaydalarla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: Qeydiyyat və Qaydalar

Mövzuya görə xəbərlər