BAKI,TurkicWorld
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34 ili geridə qaldı. Aradan illər, onilliklər ötsə də, xalqımız bu faciəni hər zaman dərin hüzn və kədərlə qarşılayır, şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Fevralın 26-da Xocalı şəhərində Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə açılışı olan Xocalı Soyqırımı Memorialı da xalqımızın soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramının təcəssümüdür.
Bu gün dövlət və xalq olaraq qarşımızda duran əsas vəzifələrdən biri Ermənistanın xalqımıza vurduğu dərin mənəvi yaralar, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Ən önəmli məsələlərdən biri, əlbəttə ki, respublikamızın hər zaman güclü olmasıdır. Dövlətimiz elə bir gücə malik olmalıdır ki, düşmən bir daha torpaqlarımıza göz dikə bilməsin. Bu baxımdan Prezident İlham Əliyevin Xocalıda Soyqırımı Memorialının açılışında etdiyi proqram xarakterli çıxışında səsləndirdiyi fikirlər göstərdi ki, bu vəzifələrin hər biri uğurla yerinə yetirilir. Dövlətimizin başçısının bu çıxışını Azərbaycanın öz milli haqqını bərpa etməsinin, tarixi ədalətsizliyə son qoymasının əhatəli və məzmunlu siyasi təhlili də adlandırmaq mümkündür.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması və bu müstəvidə Ermənistanın işğalçı siyasətinin ifşası üçün sistemli və koordinasiya olunmuş şəkildə fəaliyyət həyata keçirməkdədir. Prezident İlham Əliyevin Xocalıda Soyqırımı Memorialının açılışında qeyd etdiyi kimi, bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Bu sırada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını xüsusi qeyd etməliyik. Bütövlükdə, həm dövlət, həm də ictimai təşkilatlar səviyyəsində həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 20-yə yaxın ölkə Xocalıda baş verənləri Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı kimi rəsmən tanıyıb.
Yalnız xalqımızın deyil, bəşəriyyətin yaddaşına ən dəhşətli bir soyqırımı cinayətinin yaşandığı məkan kimi yazılan Xocalı şəhəri bu gün xalqımızın sarsılmaz iradəsinin və döyüş meydanında bərpa olunan milli qürurumuzun rəmzinə çevrilib. Yenidən qurulan və əzəli sakinlərinə qucaq açan bu şəhər öz dirçəlişi ilə həm də xocalılıların düşməndən alınan qisasını dünyaya bəyan edir. Xocalıda Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında inşa edilən Soyqırımı Memorialının timsalında isə cənab Prezidentin dediyi kimi Azərbaycan xalqının əyilməz ruhunu görürük. Bu memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Ümumiyyətlə, torpaqlarımızın işğalı və bu müstəvidə xalqımızın başına gətirilmiş faciələr dünyanın gözü qarşısında baş verən böyük tarixi ədalətsizlik idi. İşğalçı da, soyqırımını kimlərin törətdiyi məlum olsa da, təəssüf ki, 30 ilə yaxın bir müddətdə beynəlxalq ictimaiyyət, əsasən Qərb siyasi dairələri həqiqətləri etiraf etməkdən uzaq oldular. Nəinki uzaq oldular, hətta dolayı və açıq şəkildə Ermənistanın işğal siyasətinə dəstək verdilər. Lakin dövlətimiz öz haqlı mövqeyindən, tarixi ədalətin bərpası istiqamətində yolundan dönmədi. Soyqırımı Memorialının açılışında etdiyi çıxışda bütün bunların təhlilini verən Prezident İlham Əliyev tarixi ədalətin bərpası prosesini bir neçə əsas mərhələyə ayıraraq dedi: "Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular".
Bütün bunlar onu göstərir ki, Azərbaycanın erməni işğalına son qoyması və ərazi bütövlüyünü bərpa etməsi zərgər dəqiqliyi ilə həyata keçirilmiş mükəmməl siyasətin nəticəsidir. Beləliklə, bütün təzyiqlərə rəğmən, dövlətimizin öz yolundan dönməzliyi, həyata keçirilən qətiyyətli, ardıcıl və sistemli siyasət nəticə etibarilə tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin çox düzgün olaraq vurğuladığı kimi, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi.
Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı zəfərlər dünya hərb və siyasət tarixinin unikal hadisələridir. Çünki İkinci Dünya Müharibəsindən sonra dünyada çoxsaylı müharibələr baş versə də, nəticə etibarilə Azərbaycan kimi özünün milli haqqını və ədaləti mütləq şəkildə təmin edən ikinci dövlət göstərmək mümkün deyil. Ona görə Azərbaycanın zəfəri həm də dünya üçün bir nümunədir. Eyni zamanda Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq öz yüksəlişinin elə bir mərhələsinə yetişib ki, artıq ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi respublikamıza qarşı tarixi ədalətsizliklərin baş verməsi mümkün deyil. Bu mənada Prezident İlham Əliyev Xocalıdan həm də Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyən siyasi dairələrə də mesaj verərək dedi: "Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin".
Dövlətimizin başçısının bu sözləri həm də bu gün anti-Azərbaycan siyasi mərkəzlərin sifarişlərini yerinə yetirərək, respublikamızın uğurlarına qarşı çıxan antimilli ünsürlərə ünvanlanıb. Milli hisslərdən, əxlaqdan və mənəviyyatdan uzaq olan bu satqın qaragüruh heç vaxt öz məkrli niyyətlərinə çata bilməyəcək. Çünki xalqımız respublikamıza yüksəliş və zəfər bəxş edən, Azərbaycana regionda və dünyada yüksək nüfuz qazandıran Prezident İlham Əliyevin ətrafında hər zaman sıx səfərbərdir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı







