BAKI, TurkicWorld
2025-ci il ərzində “AzStateNet” şəbəkəsinə qoşulan dövlət qurumlarında təxminən 450 milyona yaxın zərərli keçidin qarşısı alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti-nin idarə rəisi Nadir Novruzov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Bildirilib ki, daxil olan zərərli faylların analiz edilməsi məqsədilə “Sandbox” sistemi tətbiq olunur. İl ərzində təxminən 90 min zərərli fayl aşkarlanaraq onların istifadəçilərə çatmasının qarşısı alınıb.
Qeyd edilib ki, XRİTDX tərəfindən dövlət qurumlarında 50 minə yaxın istifadəçini əhatə edən mərkəzləşdirilmiş antivirus sistemi qurulub. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 milyona yaxın zərərli fayl aşkar edilərək zərərsizləşdirilib.
Rəsmi şəxs vurğulayıb ki, il ərzində müxtəlif dövlət tədbirləri və mühüm proseslər zamanı dövlət informasiya sistemlərinə qarşı çoxsaylı DDoS hücumları qeydə alınıb. Hücumların demək olar ki, gündəlik əsasda həyata keçirildiyi bildirilib. Ötən ilin ikinci yarısında dövlət qurumlarına qarşı həcmi 1 Gbit/s və daha yüksək olan 18 DDoS hücumu aşkarlanıb və qarşısı alınıb.
Mərkəzləşdirilmiş elektron poçt sistemi vasitəsilə 2025-ci ildə 17 milyondan çox məktub qəbul edilib. Məktublar “Sandbox” və “Antispam” sistemləri vasitəsilə yoxlanılıb və nəticədə təxminən 5 milyona yaxın zərərli və ya şübhəli e-poçtun istifadəçilərə çatmasının qarşısı alınıb. Bu göstərici ümumi daxil olan məktubların 41 faizini təşkil edib.
Eyni zamanda, dövlət qurumlarının adından yaradılan və “fişinq” kampaniyalarında istifadə edilən 40-a yaxın saxta domen aşkarlanaraq bloklanıb.
XRİTDX rəsmisi qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər dövlət informasiya resurslarının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.







