Son dəqiqə

Azərbaycan Bakı Azər Əhədov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX)

İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə normativ baza mərhələli şəkildə formalaşdırılıb - Azər Əhədov

BAKI,TurkicWorld

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində konseptual və normativ-hüquqi çərçivənin yaradılması istiqamətində uzun illərdir ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir.

TurkicWorld xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, risklərin identifikasiyası, təhdid mühitinin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə sistemləşdirilməsi və effektiv idarəetmə mexanizmlərinin qurulması üçün zəruri sənədlər mərhələli qaydada hazırlanaraq təsdiq edilib.

Azər Əhədov qeyd edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması üzrə normativ və metodoloji bazanı formalaşdıran əsas icraçı qurum olmaqla yanaşı, reyestrin tətbiqinin effektivliyinin qiymətləndirilməsi və audit mexanizmlərinin təşkili istiqamətində də səlahiyyətlidir.

Onun sözlərinə görə, risklərin müəyyənləşdirilməsi və kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də aradan qaldırılması yollarının dövlət qurumlarına mərkəzləşdirilmiş şəkildə təqdim olunması məqsədilə “Təhdidlər və həllər” kataloqu hazırlanıb. Sözügedən kataloq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud və potensial təhdidlərin sistemli təsnifatını təqdim edir.

Bildirilib ki, bu platforma dövlət qurumları üçün risklərin düzgün identifikasiyası və prioritetləşdirilməsi baxımından mühüm praktiki alət olmaqla yanaşı, onların aradan qaldırılması istiqamətində konkret həllər və tövsiyələr təqdim edən effektiv mexanizm kimi fəaliyyət göstərəcək.
Sonda vurğulanıb ki, platformanın texnoloji inkişafla paralel şəkildə davamlı yenilənməsi və aktuallığının təmin olunması diqqət mərkəzində saxlanılacaq.

Mövzuya görə xəbərlər