BAKI, TurkicWorld, Orxan Qədirzadə
Sea Breeze layihəsi nüfuzlu beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan edilib.
TurkicWorld xəbər verir ki, layihənin təqdimatı fevralın 17-də keçirilib, rəsmi mükafatlandırma mərasimi isə fevralın 19-da Moskvada baş tutub.
Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Sea Breeze, müasir kurort mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturunu özündə birləşdirən unikal ekosistem kimi xarakterizə olunub. Məkanın müxtəlif formatlara – həm butik tədbirlərə, həm də genişmiqyaslı festivallara asanlıqla uyğunlaşması onun əsas rəqabət üstünlüyü kimi qeyd edilib.
Layihənin gələcək inkişaf planları daha möhtəşəm hədəfləri əhatə edir. Ərazidə 50 min tamaşaçı tutumu olan "DREAM Arena"nın inşası dünya ulduzlarının çıxışlarına və qlobal festivallara ev sahibliyi etməyə imkan verəcək. Bundan əlavə, 200 hektarlıq ərazini əhatə edəcək “Fire Island” süni adasının yaradılması və perspektivdə "Formula 1" trasının bir hissəsinin buraya köçürülməsi planı Sea Breeze-in qlobal tədbir platforması statusunu daha da möhkəmləndirir.
BEMA mükafatı çərçivəsində qiymətləndirmə layihənin konseptual aydınlığı, yaradıcı yanaşması, biznesin inkişafına iqtisadi-sosial təsiri və müasir texnoloji həllərin (AR/VR) tətbiqi kimi meyarlar əsasında aparılıb. Bu qələbə Sea Breeze-in təkcə yaşayış və istirahət mərkəzi deyil, həm də dünya səviyyəli qabaqcıl tədbir məkanı olduğunu bir daha təsdiqləyib.