BAKI,TurkicWorld
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib.
TurkicWorld xəbər verir ki, belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir.
Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.
Növbəti görüş 10 fevral saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “İmtahan proqramları, buraxılış və qəbul imtahanlarında tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzusuna həsr olunacaq.
Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.
Görüşdən sonra şagirdlər və abituriyentlər dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.
Görüşdə iştirak etmək istəyənlər fevralın 8-dək aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 140 nəfərin (70 məktəbli, 50 valideyn və 20 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/gorush2026/
Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna da göndərə bilərlər.
Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.







