Azərbaycan Bakı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Din Xadimlərinin II Forumu Rəvan Həsənov

Azərbaycanda dini maarifçilik üçün vahid və etibarlı məlumat bazasına ehtiyac var - Rəvan Həsənov

BAKI,TurkicWorld

Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcuddur. Lakin vahid və etibarlı bir məlumat bazasının yaradılmasına da ciddi ehtiyac var.

TurkicWorld xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, cəmiyyətə təqdim etmək istədiyimiz dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır:

"Bu dəyərlərin təqdimat formaları da dövrün tələblərinə uyğun olmalı və geniş auditoriya üçün əlçatan edilməlidir.

Bu gün hər bir dövlət çalışır ki, minimum müdaxilə ilə, lakin maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etsin. Məsələn, bəzi ölkələr sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq yolunu seçir. Lakin bu, uzunmüddətli və effektiv həll yolu hesab edilə bilməz".

R.Həsənovun fikrincə, əsas məsələ alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır:

"Yəni elə bir informasiya və proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçsin, ona maraq göstərsin və etibar etsin. İnformasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Buna görə də bizim yanaşmamız qadağalar üzərində deyil, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya üzərində qurulmalıdır".

Mövzuya görə xəbərlər