BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası ayın sonuna qədər hazır olacaq.
Bunu TurkicWorld-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, DİM-in Elektron İmtahanlar Korpusunda 750 yer var. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan auditoriyalarına ehtiyac var:
"Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulur və dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmiş ərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur. Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada da auditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyaların qurulması və imtahanların eyni zamanda keçirililməsi planlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevral aylarında isə digər regionlarda elektron imtahanların keçirilməsi üçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqla təchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsil müəssisələrindən də auditoriyalar istifadə ediləcək".







