BAKI,TurkicWorld
Milli Proqram”ın icrasına həsr olunmuş tədbir keçirilib. “Layihə çərçivəsində indiyədək 37 500 vətəndaş “Coursera” onlayn təhsil platformasında 75 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın icrasına həsr olunmuş tədbir keçirilib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın insan kapitalının inkişafında oynadığı rolu vurğulayıb. Bildirilib ki, proqramın məqsədi rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq dördüncü sənaye inqilabı texnologiyalarına dair bilik və bacarıqların genişləndirilməsi və bu sahədə peşəkar kadr hazırlığının dəstəklənməsidir.
TİF-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı proqramın ölkədə yüksək rəqabət qabiliyyətinə malik insan kapitalının formalaşmasına verdiyi töhfəyə diqqət çəkib. “Milli Proqram” vətəndaşlara texnoloji bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların peşəkar inkişafını dəstəklədiyi, əmək bazarında rəqabət qabiliyyətini artırdığı və gələcək karyera imkanlarını genişləndirdiyi qeyd edilib.
Tədbirdə bildirilib ki, “Milli Proqram” çərçivəsində indiyədək 37 500 vətəndaş “Coursera” onlayn təhsil platformasında 75 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib. Proqram çərçivəsində platformada dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox təlimi yerli istifadəçilərə ödənişsiz təqdim olunub. 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə, ən çox tələb olan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilib. İstifadəçilərin rahatlığı üçün “Milli Proqram” interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.
Hesabat dövründə “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt, layihələrin idarəolunması, data elmi, kommunikasiya, biznes, kibertəhlükəsizlik və yumşaq bacarıqlar kimi sahələrində təklif olunan təlimlərə müraciət ediblər.
“Coursera” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə idarəedici direktoru Nikolaz Fuko çıxış edərək “Milli Proqram”ın icrasını yüksək qiymətləndirib. Süni intellekt və avtomatlaşdırma dövründə qlobal əmək bazarında yaranan yeni tendensiyalar barədə məlumat verib və bacarıqlara əsaslanan öyrənmə modelinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın “Coursera” platformasında istifadəçi fəallığı və nəticələr baxımından regionun nümunəvi ölkələrindən biri olduğu, son iki ildə platformadakı azərbaycanlı istifadəçilərin sayının təxminən iki dəfə artaraq 240 mini ötdüyü qeyd edilib.
Sonra proqramın ən fəal iştirakçılarının uğur hekayələri təqdim edilərək, proqramın fərdi inkişaf imkanları nümayiş etdirilib. Həmçinin, istifadəçilər arasında qadınların payının 54%-dən yüksək olduğu diqqətə çatdırılıb.
Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. “Milli Proqram” SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.
Daha sonra tədbir çərçivəsində “Coursera” şirkəti ilə yerli universitetlərin nümayəndələri arasında platformada təqdim olunan kursların ali məktəblərin kurikulumlarına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb və ali təhsil ekosistemində bacarıq yönümlü transformasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin nümayəndələri və layihənin tərəfdaşları qatılıb.







