Bakı, TurkicWorld
Müsəlman Ağsaqqallar Şurasının Baş katibi, hakim Məhəmməd Əbdülsalam Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həyatını itirməsi və çoxsaylı yaralıların olması ilə əlaqədar Azərbaycan Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, baş katib öz bəyanatında deyib:
"Onlarla insanın həyatına son qoymuş və çoxlu sayda yaralıların olduğu "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin faciəvi qəzası ilə əlaqədar qəlbimiz Azərbaycandakı qardaş və bacılarımızla birgə döyünür. Uca Allahdan qurbanlara sonsuz rəhmət, ailələrinə və yaxınlarına səbir və təskinlik, yaralananlara isə şəfa diləyirik".
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.