Bakı, TurkicWorld
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
TurkicWorld xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
"Birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək", - qurumdan bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.