Son dəqiqə

Koreya

Azərbaycanlı xanım Koreya Prezidenti ilə eyni videoçarxda yer alıb

Bakı, TurkicWorld

Koreya Respublikasında yaşayan soydaşımız Rahil Əhmədova və övladı həmin ölkənin Prezidenti Yoon Suk-yeol və xanımı Kim Keon Hee ilə birlikdə Çusok (Məhsul) bayramına həsr olunmuş təbrik videosunda iştirak edib.

TurkicWorld xəbər verir ki, Prezident Sarayında çəkilən 4 dəqiqəlik bayram təbriki videosunda Prezident Yoon Suk Yeol və birinci xanım Kim Keon Hee Koreya xalqına firavan və bolluqla dolu bir Çusok bayramı arzulayıblar.

Prezidentin videotəbrikində müxtəlif ölkələrdən 12 çoxmədəniyyətli ailənin 3-11 yaşlı övladları iştirak edib. Bu ailələr arasında Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin Çoxmədəniyyətli Ailələr Komitəsinin üzvü və Ədliyyə Nazirliyinin Sosial İnteqrasiya İmmiqrantlar Mentor Qrupunun üzvü olan Rahil Əhmədova, onun 3 yaşlı qızı Li Arin və həyat yoldaşı da olub.

Çəkiliş zamanı Koreya Respublikasının Prezidenti və xanımı soydaşımız Rahil Əhmədova, onun qızı və həyat yoldaşı ilə səmimi söhbət edərək, onları Çusok bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıblar.

Qeyd edək ki, Rahil Əhmədova Koreyadakı Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı və "Korever" şirkətinin baş icraçı direktorudur. O, 2008-ci ildə Koreya Dövlət Təqaüd Proqramı vasitəsilə Cənubi Koreyaya gəlib və 2013-cü ildə Kyunqpuk Dövlət Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsilini başa vurub. Cənubi Koreyada multikulturalizm və əcnəbi sakinlərin inteqrasiyasına dəstək sahəsində göstərdiyi xidmətlərə görə 2023-cü ildə Seul şəhərinin fəxri vətəndaşı adına, eləcə də Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin mükafatına layiq görülüb.

Çusok bayramı Koreyada hər il sentyabr və ya oktyabr aylarında qeyd olunur. Bu bayram məhsuldarlıq, firavanlıq və ailə birliyinin simvolu kimi qəbul edilir.

https://www.instagram.com/reel/C_8N8QWR81n/?igsh=MWsyMDY5eG8yM2V3aw%3D%3D

Mövzuya görə xəbərlər