Bakı, TurkicWorld
Gənclərin öz fikirlərini daha effektiv şəkildə ifadə etməyi və natiqlik qabiliyyətini artırmağı hədəfləyən, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər danışır!” natiqlik proqramının bağlanış tədbiri baş tutub.
Bu barədə TurkicWorld-a “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən məlumat verilib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, 1 ay davam edən natiqlik proqramının gənclərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində önəmli rol oynadığını bildirib.
Qeyd edək ki, proqram daxilində gənclər üçün ilk olaraq "Debatın nitqdə rolu", “Özünü ifadə et”, “Auditoriyanın diqqətini cəlb etməyin yolları” mövzularını əhatə edən təlimlər təşkil edilib.
Təlimlərdə iştirak edən və fərqlənən beş gəncin iştirakı ilə natiqlik müsabiqəsi keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş bağlanış tədbirində gənclər "Təbii resurslardan istifadə məhdudlaşdırılmalıdır" mövzusunda inkar və təsdiq mövqeyində çıxış edərək, qalibiyyət uğrunda mübarizə aparıblar.
Qalib və iştirakçılar hədiyyə və sertifikatla təltif olunublar.
Hafiz Rufizoğlu