Son dəqiqə

STEM Technovation for Azerbaijan

ABŞ səfirliyi Azərbaycanda STEM sahəsində təhsili və iqtisadi proqramları dəstəkləyir - Bill Murad

Bakı,TurkicWorld

Azərbaycanda STEM sahəsində təhsil və iqtisadi proqramları dəstəkləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini vəzifəsini icra edən Bill Murad "ThinkYoung" qeyri-kommersiya təşkilatının "Boeing" aerokosmik şirkətinin tərəfdaşlığı ilə təşkil etdiyi "ThinkYoung" kodlaşdırma məktəbinin diplom təltifetmə mərasimində deyib.

Bill Murad qeyd edib ki, ABŞ-nin Azərbaycandakı əməkdaşlığının parlaq nümunələrindən biri səfirlik tərəfindən maliyyələşdirilən "Technovation for Azerbaijan" adlı proqramdır. Proqram Azərbaycanın bölgələrindəki yeniyetmələr və tələbələr üçün nəzərdə tutulub.

"Böyük "Boeing" şirkətinin Azərbaycanın gənc nəsli üçün STEM təhsilini necə dəstəklədiyini görməkdən çox məmnunam. "Boeing" şirkəti Azərbaycanın sürətlə inkişaf edən aviasiya sektorunun strateji tərəfdaşıdır və marşrutun genişləndirilməsi, şəbəkənin genişləndirilməsi və əməliyyat səmərəliliyinə töhfə verir", - deyə ABŞ səfirliyinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, səfirlik şirkətin Azərbaycanda sosial aktivliyə əlavə sadiqliyini yüksək qiymətləndirir.

Qeyd edək ki, iyulun 22-dən 26-dək "ThinkYoung" və "Boeing" şirkətləri Xəzər regionu və Mərkəzi Asiya üzrə kodlaşdırma məktəbində ilk məşğələlərini keçiblər.

Proqram çərçivəsində Bakıda 10-17 yaş arası azərbaycanlı məktəblilər kodlaşdırma dərsləri, o cümlədən, vebsayt və oyunların hazırlanması üzrə dərslər keçiblər.

Tələb olunan rəqəmsal bacarıqlarla yanaşı, tələbələr ingilis dilini də öyrəniblər və texnologiya, aviasiya və digər STEM sahələrində gələcək karyeralarında onlara kömək edəcək bacarıqlar əldə ediblər.