Laçın. TurkicWorld:
Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün yaşıl baxış" beynəlxalq forumu çərçivəsində konfrans keçirilib.
TurkicWorld xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşüblər.
Həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında keçirilən panel müzakirələrdə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusuna xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.
İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev salamlama nitqi ilə çıxış edib. Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.
Paneldə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışları dinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.
Davamlı inkişafla bağlı müzakirələrdən sonra iştirakçılar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi "Yaşıl infrastrukturun inkişafı təcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri" mövzusunda ikinci paneldə iştirak ediblər. Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, "Tracadero" Forum İnstitutunun rəhbəri Ellen Vasilina və "Methinks" şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər. İqtisadi və "yaşıl" inkişafa fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiqindən danışıblar.
Forum, həmçinin iştirakçılara Laçında həyata keçirilən köçürmə prosesi və inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfərin bu hissəsi günün əvvəlində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqlərini nümayiş etdirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və Azərbaycanın yaşıl enerji siyasətinin müzakirə olunduğu forum iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələr verib.