Bakı. TurkicWorld:
Yanvarın 11-də Şabran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və multukultural dəyərlər” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, Şabran rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Vüsal Alışov, gənclər və yeniyetmələr iştirak edib.
Çıxışlarda bildirildi ki, multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Qeyd olundu ki, müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
Sonda tədbir diskussiya şəklində davam etdirilərək, gənclər mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.