Gələn həftə Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin V Konfransı keçiriləcək

Gələn həftə Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin V Konfransı keçiriləcək

Bakı. TurkicWorld:

Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

TurkicWorld -in məlumatına görə, bunu qeyd olunan beynəlxalq tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. A.Kərimov tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib.

İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacağı vurğulanıb.

Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları diqqətə çatdırılıb. Həmin sosial nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə İƏT-ə üzv ölkələrlə təcrübə mübadilələri aparılması baxımından da Konfransın önəmli olacağı qeyd edilib.