Ceyhun Sultanov: “Hamı gördü ki, yığmamız Estoniyadan daha yaxşı kollektivdir”

Ceyhun Sultanov: “Hamı gördü ki, yığmamız Estoniyadan daha yaxşı kollektivdir”

Bakı. TurkicWorld:

“Estoniya bizə rəqib deyil. Yığma olaraq onlardan daha keyfiyyətli komandayıq”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəldiyi matçı dəyərləndirən Sultanov bildirib ki, diqqətini əsas çəkən məqam sistem dəyişikliyi olub: “Hücuma keçəndə 3-lü müdafiə olurduq. Elvin Cəfərquliyev hücuma qoşulurdu. Maraqlı sistem və maraqlı oyun oldu. Düzdür, ilk hissədə daha yaxşı oynadıq. İkinci 45 dəqiqədə topu rəqibə verdik və əks-hücumlara bel bağladıq ki, bu da başa düşüləndir. Ümumilikdə, hamı gördü ki, yığmamız Estoniyadan daha yaxşı kollektivdir”.

O, millimizi növbəti matçda Avstriyaya ağır qarşılaşma gözlədiyini də deyib: “Evdə Azərbaycan yığması istənilən rəqibdən xal ala bilər. Avstriya yaxşı komandadır, sürətlidir, Estoniya deyil. Düşünürəm ki, yaxşı oyun olacaq. Hədəf tsiklın əvvəlində qrupdan çıxmaq idisə, bunun olmayacağı dəqiqləşib. Qrup oyunlarına çox pis başladıq. Bunu bacarmaq üçün milli komandanın heyətində keyfiyyətli oyunçular daha da artmalı, legionerlərimizin sayı da çoxalmalıdır”.

Futbol mütəxəssisi artıq millimizin baş məşqçi Canni de Byazi ilə yollarını ayırmasının da vaxtı gəldiyini düşünür: ”İtaliyalı mütəxəssisin bizə verməli olduğu çox şey var. Amma hələ ki, heç nə görmürəm. Sadəcə, 1-2 qələbə qazanıb. Bunlar aldadıcı olmamalıdır. Bu gün əgər bu komanda ilə qrupdan çıxmaq istəyiriksə, legioner məşqçiyə ehtiyac yoxdur. Çünki bu heyətlə qrupdan çıxmaq mümkün deyil. Millidə yerli mütəxəssis olsa, daha yaxşıdır. Gördüyü işə görə Canni De Byaziyə təşəkkür etmək və bundan sonra yerli məşqçi ilə davam etmək lazımdır. Baxmaq lazımdır ki, hansı qrupa düşəcəyik, rəqiblər kimlərdir və ondan sonra məşqçinin kim olacağı qərarını verməliyik”.

Qeyd edək ki, Azərbaycan – Avstriya matçı oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.