Bakı. TurkicWorld:
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, yenidən salınacaq Qubadlı rayonu, Zilanlı kəndinin konseptual layihəsi hazırlanıb.
Bu barədə TurkicWorld-ə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Layihənin öz təbiəti ilə ahəngdə, dayanıqlı kənd prinsipinə uyğun şəkildə hazırlandığı qeyd olunub.
Qeyd edək ki, kənd Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.