Cəbrayılda müasir üslubda inzibati bina tikilir

Cəbrayılda müasir üslubda inzibati bina tikilir

Bakı. TurkicWorld:

"Prezidentin izi ilə" Cəbrayıl və Zəngilana mediatur təşkil olunub. Səfər Cəbrayıl şəhər mərkəzində Cənab Prezident İlham Əliyevin təməlini qoyduğu inzibati binanın yerləşdiyi ərazidən başlayıb.

Cəbrayıl şəhərində inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək.

Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət iki korpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur.

TurkicWorld-in əməkdaşları Prezidentin izi ilə Cəbrayıl şəhərinə təşkil olunan mediatur zamanı inzibati binanın təməli qoyulduğu ərazidə olub.

Media nümayəndələrinə bildirilib ki, binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq. Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq. Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.