Bakı. TurkicWorld:
"Hərbi dənizçilər Azərbaycan Respublikasının suverenliyinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını həm dənizdən, həm də qurudan almağa qadirdir və bu istiqamətdə özünü inkişaf etdirməkdədir".
TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.
O deyib ki, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda dənizdən mühafizə, müdafiə və əlverişli əməliyyat rejiminin saxlanılmasıyla yanaşı, 44 günlük Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarını Hərbi Dəniz Qüvvələrinin gücü kimi xarakterizə etmək olar.
"Belə ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq, dözümlülük və qəhrəmanlıq göstərərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi.
Qeyd edim ki, döyüşlər zamanı 9 hərbi qulluqçumuz Vətən uğrunda şəhid olub, 50 nəfər isə yaralanıb. Prezidentin müvafiq sərəncamlarına əsasən, Vətən müharibəsində xüsusi xidmətlərinə görə fərqlənmiş, şəhid kiçik miçman Zalov Fəqan Amil oğluna ölümündən sonra və daha 2 hərbi qulluqçuya "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, digərləri isə müxtəlif orden və medallarla təltif olunublar", - vitse-admiral vurğulayıb.