Teymur Musayevlə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

Teymur Musayevlə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

Bakı. TurkicWorld:

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Nazirlikdən TurkicWorld-a verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümümdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin Baş direktorunu təbrik etdi.

Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu qeyd etdi. Həmçinin Prezident İlham Əliyevin nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyi vurğulandı.

COVID-19 pandemiyası dövründə Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüsləri irəli sürdüyünü bildirdi.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyini vurğulayan nazir, pandemiya dövründə ÜST-nin Azərbaycanla səmərəli əməkdaşlığa və qurumun verdiyi dəstəyə görə Tedros Adhanom Qebreyesusa təşəkkürünü ifadə etdi.