Dünyada güclənən və öz sözünü deyən güclü Türkiyəni istəməyən dairələr çoxdur - Azər Badamov (Özəl)

Dünyada güclənən və öz sözünü deyən güclü Türkiyəni istəməyən dairələr çoxdur - Azər Badamov (Özəl)

Bakı.TurkicWorld:

Dünyada güclənən və öz sözünü deyən güclü Türkiyəni istəməyən dairələr çoxdur, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvü olan Azər Badamov TurkicWorld-a özəl müsahibəsində deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyə dünyada sülhün və ədalətin carçısı kimi özünü təsdiq etmişdir. “Həm də Türkiyə öz sözünün sahibi olan və başqaların diktəsi ilə oturub duran ölkə olmadığını sübut etmişdir. Bugün Türkiyənin iştirakı olmadan dünyanın qlobal məsələləri həll olunmur.Təbii ki, dünyada güclənən və öz sözünü deyən güclü Türkiyəni istəməyən dairələr də çoxdur”, deyə o bildirib.

Deputat Türkiyənin son 20 ildəki sosial-iqtisadi sahəsindəki artımını vurğulayaraq, Türkiyənin bu sahədəki artımlarının 3 dəfədən çox olduğunu bildirmişdir.

Onun sözlərinə görə, məhz Türkiyənin güclü gələcəyini istəməyən dairələr bu ölkənin iqtisadiyyatında müəyyən böhran yaratmağına nail olunmuşdur. Lakin deputat bunun müvəqqəti hal olduğunu bildirərək, müdrik rəhbəri ilə Türkiyəni güclü ölkəyə çevirən Türk xalqının bu çətinlikləri aşacağını bildirmişdir.

A.Badamov, Türk Dövlətlər Birliyi ilə də bağlı münasibət bildirərək qeyd edib ki , qarşıdan gələn seçkilərdə də müdrik türk xalqı güclü Türkiyəyə və qazanılmış uğurların davam etdiriməsinə səs verəcəkdir.

“Türk dünyasına gəldikdə isə hesab edirəm ki, qarşıdan gələn seçkilər türk dünyasının gələcəyinə təsir etməməlidir. Çünki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılan Türk Dövlətləti Birliyi (TDB) dili, dini, tarixi eyni olan xalqları birləşdirir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, qloballaşan müasir dünyada TDB yeni bir güc kimi meydana gəlmişdir.

“TDB - yə daxil olan ölkələr böyük bir coğrafiyanı əhatə etməklə yanaşı, özündə böyük hərbi, iqtisadi və siyasi gücünü birləşdirir. Bu gün dünya nizamında yeni meyillər yarandığından türk dünyasının da bu nizamda özünəməxsus yeri və rolunu gücləndirmək üçün yaranmış türk birliyini qoruyub inkişaf etdirmək lazımdır. Ona görə də bu təşkilata daxil olan ölkələrdə baş verən siyasi proseslər türk birliyinin möhkəmlənməsinə xələl gətirməməlidir. Azərbaycan bir millət, iki dövlət və bir yumruq olaraq hər zaman Türkiyənin yanındadır”, - deyə deputat əlavə edib.

Amaliya İsmayılova

Twitter: @İsmailovAmaliya