Son dəqiqə

Azərbaycan Milli Məclis İran Sahib Alıyev

Azərbaycanla İran arasında əlaqələrin normallaşdırılması terrorçuların ekstradisiyası və səfirliyimizə qarşı törədilmiş terrorun şəffaf araşdırılması tələbi yerinə yetirildiyi təqdirdə mümkündür – Sahib Alıyev (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycanla İran arasında əlaqələrin normallaşdırılması terrorçuların ekstradisiyası və səfirliyimizə qarşı törədilmiş terrorun şəffaf araşdırılması tələbi yerinə yetirildiyi təqdirdə mümkündür, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

“Azərbaycan Prezidentinin Şuşada beynəlxalq konfransda verdiyi mühüm açıqlamalardan biri də İranla əlaqələrin bugünkü səviyyəsi, nə üçün bu vəziyyətdə olması və perspektivdə nə gözlənildiyi haqda idi. Dövlət başçımız cənab İlham Əliyev İranın torpaqlarımız işğal altında olarkən də xalqımızın ümidlərini heç də doğrultmadığını, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanından fərqli olaraq Ermənistanla sıx əlaqələr qurduğunu, ancaq dövlətin mümkün qədər bunu anlamağa çalışdığını diqqətə çatdıraraq ikinci Qarabağ savaşından sonra rəsmi Tehranın vəziyyəti daha da gərginləşdirdiyini bildirdi. O, yanacaq dolu İran tırlarının Xankəndinə göndərilməsini, göndəriş sənədlərində Azərbaycan şəhərinin adının Stepanakert yazıldığını, Ermənistanın tərkibində göstərildiyini, ardınca SEPAH-ın (İran İnqilabı Keşikçiləri Qvardiyası) sərhədlərimiz boyunca iki hərbi təlim keçirdiyini, ölkəmizə qarşı hədələr səsləndirdiyini, çirkab axıdıldığını xatırladaraq, bunu bəlli səbəblərdən yaranan emosional hərəkət kimi qiymətləndirərək Azərbaycanın yenə də iki ölkə arasında normal münasibətləri qoruyub saxlamağa çalışdığını açıqladı. Cənab Prezident bilmədiyimiz bir faktı da söylədi ki, Tehrandakı səfriliyimizə qarşı terror aktı məhz Baş nazirinin müavini, birgə iqtisadi komissiya həmsədrinin göndərilməsi haqda qərar veriləndən sonra törədilib. Yəni, bu aktı törətdirənlər iki ölkə arasında əlaqələrin yoluna qoyulmasını istəmədikləri üçün belə bir hərəkət ediblər. Ardınca da özlərinə xas daha bir yaramazlığa əl ataraq Milli Məclisin deputatı Fazil Mustafaya qarşı da terrorla bağlı əmr veriblər. Bu əmrin də arxasında səfirliyimə qarşı terrorun törədilməsində olduğu kimi Tehran rejiminin özü durur”, - deyə S.Alıyev bildirib.

Onun sözlərinə görə, İlham Əliyev bunu “qırmızı xəttin keçilməsi” kimi dəyərləndirərək məhz o üzdən Azərbaycan-İran əlaqələrinin “heç zaman olmadığı qədər aşağı səviyyə”yə düşdüyünü, onun hansı yöndə dəyişəcəyinin rəsmi Tehrandan asılı olduğunu vurğulayıb.

“Belə görünür ki, Cənab İlham Əliyev Azərbaycanla İran arasında diplomatik əlaqələrə son qoyulacağını da istisna etmir, lakin bunun qarşı tərəfin gələcəkdə hansı siyasəti yeridəcəyindən asılı olduğunu deyir”, - deyə millət vəkili vurğulayıb.

S.Alıyev onu da qeyd edib ki, İlham Əliyev beynəlxalq ekspertlərə İran rəsmilərinin əlaqələrinin normallaşması ilə bağlı bəzi cəhdlər etdiklərini söyləməklə yanaşı bunun üçün ilk növbədə hansı addımı atmalı olduqlarını da açıqladı.

O, prezidentdən sitat gətirərək,: “İki ölkə arasında əlaqələrin normallaşması “Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası”nın baş tutduğu və “səfirliyimizə qarşı törədilmiş terrorun şəffaf araşdırılması” tələbi yerinə yetirildiyi təqdirdə mümkündür. Yəni hər şey qarşı tərəfdən asılıdr, “biz bütün ssenarilərə hazırıq”, - deyə bildirib.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər