Azərbaycan Ermənistan Xankəndi-Laçın yolu Sahib Alıyev

Azərbaycan Laçın yolununun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırmaqla tarixin necə yazıldığını göstərib – Sahib Alıyev

Bakı, TurkicWorld:

Azərbaycan qondarma erməni soyqırımın anıldığı 24 aprel tarixindən bir gün öncə Laçın yolununun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını və nə olduğunu bir daha göstərib, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, bununla da saxta soyqırımını milli özünütəqdim və özünütəsdiq fürsəti olaraq dəyərləndirənlərə bir daha ayrı-ayrı güclərin əlində geosiyasi alət olmağın perspektivsizliyi izah edildi.

“Bəzi ölkələrdə bu hadisə Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir. Xeyr, bu, Ermənistandan çox oradakı xəstə təfəkkürlüləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri, Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi. Söhbət Fransadan, İrandan və digərlərindən gedir”, - deyə S. Alıyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə də rolları az deyil.

“Ona görə də ABŞ-dakı bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Onlar Ermənistana təzyiq edərək 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə 6-cı bəndin də üstündən xətt çəkdirdiklərini bilmirdilər? Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözü gedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, Azərbaycan bütün ssenarilərə hazırdır”, - deyə o qeyd edib.

S.Alıyev onu da vurğulayıb ki, Ramazan bayramı ilə bağlı Tərtərdə baş çəkdiyi bütün şəhid doğmaları və qazilərimiz Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin qurulmasından son dərəcə razıdırlar, bu hadisəni 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından heç də az əhəmiyyətli hesab etmirlər, əksinə torpaqlarımız üzərində suverenliyimizin tam təminatının rəmzi olaraq buna daha böyük önəm verirlər və Qəhrəman Tərtərin şəhid doğmaları və qaziləri Müzəffər Ali Baş Komandanımıza tarixə qızıl hərflərlə yazılacaq bu gün üçün öz dərin təşəkkürlərini bildirirlər.

Millət vəkili bildirib ki, sərhəd-keçid məntəqəsini Qarabağdakı ermənilərin orada qalıb yaşamaları üçün əngəl hesab edən, bizim regionda geosiyasi üstünlük və və öz ölkələrində eloktoral baza əldə etməyə çalışan qərbdəki bəlli çevrələr dırnaqarası təəssübkeşliklərini, başqa yolla davam etdisələr daha yaxşı olar.

“Böyük Britaniyanın müstəqil tədqiqat qurumlarından birinin- “Conflict Armament Research”-ün yaydığı hesabatda göstərilir ki, Ermənistan ötən il ABŞ-dan 2021-ci ildəkindən 515%, Avropa Birliyindən isə 212% çip və prosessor alaraq həmin məhsulların 97%-ni Rusiyaya ötürüb. Maraqlıdır, başqa dövlətlər Rusiyaya qarşı sanksiyanı azacıq pozarkən üstlərinə yerindiyi halda nəyə görə Ermənistanın bu hərəkətlərinə göz yumulur? Yaxud Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləyənlər o marşrutla Ermənistandan Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat daşındığını, həmin silahlı birləşmələrin isə ermənilərin təhlükəsizliklərini təmin etməkdən çox Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda niyə səslərini çıxarmırlar? Beynəlxalq normaların bir dövlətin torpaqlarında digərinin qanunsuz silahlı birləşmələr saxlamasını qadağan etdiyini dilə gətirmirlər? Sözü gedənləri son 30 ildə yaxşı tanıdığımız üçün suallar da ritorikdir”, - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Mövzuya görə xəbərlər