Putin zəlzələ sonrası Suriya və Türkiyəyə yardım təklif etdi

Putin zəlzələ sonrası Suriya və Türkiyəyə yardım təklif etdi

Bakı. TurkicWorld:

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğana çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə əlaqədar başsağlığı verib.

TurkicWorld bu barədə Rusiya Prezidentinin telegram kanalına istinadən xəbər verir.

"Hörmətli Cənab Prezident, ölkənizdə güclü zəlzələnin səbəb olduğu çoxsaylı insan tələfatı və böyük dağıntılarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm", - o deyib.

V.Putin R.T.Ərdoğandan onun dərin kədərini və dəstəyini həlak olanların ailələri və yaxınları ilə paylaşmağını xahiş edərək fəlakət nəticəsində bütün zərərçəkmişlərin tez bir zamanda sağalmalarını diləyib.

Rusiya Prezidenti Moskvanın çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar olaraq Ankaraya lazımi bütün köməkliyi göstərməyə hazır olduğunu bildirib. "Bununla əlaqədar olaraq lazımi köməkliyi göstərməyə hazırıq", - Prezidentin telegram kanalında deyilir.

V.Putin, həmçinin, Suriya prezidentinə zəlzələnin nəticələri ilə bağlı başsağlığı verərək Rusiyanın zəlzələnin nəticələrini aradan qaldırmaqda Suriyaya köməklik göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.