BAKI,TurkicWorld
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov inklüziv çoxtərəfliliyin milli suverenliyin qorunması və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi” mövzusunda 77-lər Qrupu və Çinin 50-ci Nazirlər Görüşündə çıxış edib.
Nazir Azərbaycanın qlobal idarəçilik strukturlarının islahatına və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə nail olmaq üçün Şimal-Cənub dialoqunun təşviqinə sadiqliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə 77-lər Qrupu arasında Birgə Əlaqələndirmə Komitəsinin fəaliyyətinin bərpasını çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
Xarici işlər naziri Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətləri və Ən Az İnkişaf Etmiş Ölkələrlə humanitar yardım və potensialın gücləndirilməsi proqramları vasitəsilə həmrəyliyini davam etdirdiyini qeyd edib.







