BAKI,TurkicWorld
Azərbaycan və Sent-Vinsent və Qrenadinlər arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasını nəzərdə tutan protokol imzalanıb.
TurkicWorld xəbər verir ki, sənəd Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinlərin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri naziri Duayt Fitscerald Bramble ilə görüşü zamanı imzalanıb.
Görüşdə Azərbaycan–Sent-Vinsent və Qrenadinlər münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf imkanları müzakirə olunub.
Tərəflər siyasi dialoqun genişləndirilməsinin, qarşılıqlı səfərlərin və təmasların artırılmasının, həmçinin iki ölkə arasında əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Danışıqlar zamanı BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın, eləcə də qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında protokol imzalanıb.
Bildirilib ki, bu sənəd iki ölkə arasında müntəzəm diplomatik əlaqələrin inkişafına, institusional əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət imkanlarının artırılmasına şərait yaradacaq.







