Son dəqiqə

Azərbaycan Samir Şərifov Bakı İssam bin Saleh Əl-Cuteyli Azərbaycan–Səudiyyə Ərəbistanı əlaqələri Səudiyyə Ərəbistanının Milli Günü

Bakıda Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

Bakı. TurkicWorld

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Krallığın elan olunmasının 96-cı ildönümü – Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycan və Səudiyyə Ərəbistanının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Baş nazirin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış ediblər.

Samir Şərifov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafına toxunaraq Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 9-cu iclasının 2026-cı ilin sonunadək Azərbaycanın ev sahibliyi ilə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Baş nazirin müavini növbəti iclasın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə və əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Səfir İssam bin Saleh əl-Cuteyli isə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Diplomat iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Səfir bildirib ki, Birgə Hökumətlərarası Komissiya və Səudiyyə Ərəbistanı–Azərbaycan İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin genişləndirilməsi istiqamətində iş aparılır. Siyasi Məsləhətləşmələr Komitəsi çərçivəsində isə iki ölkə arasında siyasi əlaqələndirmənin gücləndirilməsinə diqqət yetirilir.

Rəsmi çıxışların ardından tədbir Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş bədii proqramla davam edib.

Mövzuya görə xəbərlər