Son dəqiqə

Azərbaycan Ermənistan Nikol Paşinyan İran Gürcüstan

Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

BAKI,TurkicWorld

Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və TRIPP layihəsi çərçivəsində daxil olmaqla, kommunikasiyaların açılması üzərində işləyir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən "ŞƏT+" formatında görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan öz suverenliyini və müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışaraq, ilk növbədə öz regionunda çoxqütblülüyün inkişaf etdirilməsini zəruri hesab edir.

"Qonşularımız İran və Gürcüstanla dostluq münasibətlərimizi dərinləşdirərək, digər iki qonşumuz - Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunda irəliləyirik", - deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu proses ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanmasından sonra daha konkret xarakter alıb. "Hazırda biz Azərbaycan və Türkiyə ilə dövlətlərarası kommunikasiyalarımızın açılması, o cümlədən yaxın aylarda ərazidə praktiki icrasına başlanılacaq TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində işləyirik", - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, layihənin həyata keçirilməsi Xəzər dənizini Aralıq dənizi ilə birləşdirərək, təkcə Şərq-Qərb istiqamətində deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirən Şimal-Cənub oxu üzrə yeni nəqliyyat imkanları yaradacaq. "Beləliklə, layihənin həyata keçirilməsindən regionun bütün ölkələri qazanacaq", - deyə o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan çoxqütblü dünya konsepsiyasını bölüşür və müxtəlif güc mərkəzləri ilə münasibətlərin inkişafını öz xarici siyasət strategiyasının bir hissəsi hesab edir.

Mövzuya görə xəbərlər