Bu Zəfər təkcə Azərbaycan tarixinin deyil, türk tarixinin də ən şanlı zəfərlərindən biridir - General Yücel Karauz

Bu Zəfər təkcə Azərbaycan tarixinin deyil, türk tarixinin də ən şanlı zəfərlərindən biridir - General Yücel Karauz

Azərbaycanın Vətən müharibəsi nəticəsində qazandığı zəfərin ikinci ildönümdür. Bu Zəfər sadəcə Azərbaycan tarixinin deyil, türk tarixinin də ən şanlı zəfərlərindən biridir.

Bu fikirləri bu gün Trend-in suallarını cavablayarkən ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

O qeyd edib ki, bu zəfər Azərbaycan durduqca şərəflə yad edilməyə davam edəcəkdir.

"Azərbaycanın əldə etdiyi qələbə haqsızlığa qarşı baş qaldırmaq deməkdir. Zəfərin kökündə bir neçə səbəb dayanır. Birincisi, xalqın milli-mənəvi dəyərləri, vətən, bayraq üçün milyonlarla insanının küçələrə axışmasıdır. Bu, dünya tarixində çox az rast gəlinən bir hadisədir. Ən əsas səbəblərdən biri isə müzəffər ordu və Prezident İlham Əliyevin aldığı qərarlar, verdiyi mesajlardır"- deyə o bildirib.

Y. Karauz, həmçinin, qeyd edib ki, qazanılan zəfər Türkiyə-Azərbaycan qardaşlığının tarixin ən yüksək nöqtəsinə çatmasına yol açdı.

"Bu zəfər, eyni zamanda, türk dünyasını cəsarətləndirdi. Türk dövlətləri Azərbaycandan aldığı cəsarət və qürur ilə bir-birilə daha sıx əlaqələr qurmağa başladılar. Biz türklər olaraq türk və Azərbaycan tarixinə bu zəfəri hədiyyə etdikləri üçün Azərbaycan xalqına, onun müzəffər orudusuna və Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımızı bildiririk", - deyə o əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.