Bakı. TurkicWorld:
20 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının kənd yerlənin inkişafı, sosial müdafiə və icmaların güncləndirilməsi naziri Upali Panilaqe ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Şri-Lanka arasında əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
İqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Turizm sahəsində mövcud potensialın daha səmərəli istifadə olunmasının digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərə biləcəyi vurğulanıb.
Görüş zamanı, Şri-Lankada baş verən təbii fəlakət nəticəsində zərərçəkənlərə humanitar yardım göstərilməsinə görə Şri-Lanka tərəfi minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







