Bakı, TurkicWorld
Sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız, Azərbaycan icmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Bu barədə TurkicWorld-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar daxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyət geniş vüsət alıb.
Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi çoxyönlü layihələr həyata keçirir, xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin fəaliyyətlərini dəstəkləyir, Azərbaycan icmalarının qayğıları ilə maraqlanır, onlara bütün mümkün köməklikləri göstərir", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, komitənin fəaliyyət istiqamətlərindən biri də xarici ölkələrin aidiyyəti dövlət orqanları, rəsmi qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir:
"Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi (2018), Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (2018), Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi 2024), Qırğızıstanın Xalq Assambleyası (2023), elə də komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (2019), "Macar-Turan" Beynəlxalq Fondu (2024) ilə imzalanan anlaşma memorandumları diaspor sahəsində beynəlxalq miqyaslı əməkdaşlıqların əməli nümunəsidir.
Ölkəmizin diaspor sahəsində növbəti əməkdaşlığı Meksika ilə qurulmaqdadır. Dünyada geniş yayılan diasporlardan sayılan meksikalıların yaşadıqları ölkələrin iqtisadi, siyasi və mədəni həyatında təsirləri hiss olunandır və yerli cəmiyyətlərə sürətlə inteqrasiya edirlər. Bu baxımdan xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların dəstəklənməsi və onlara kömək göstərilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılması olduqca əlamətdar hadisədir.
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi və Xaricdə Yaşayan Meksikalılar İnstitutu (XME) vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, iki ölkə arasında əlaqələrin intensivləşdirilməsinə mühüm töhfə verəcəkdir".
Vurğulanıb ki, memorandumun məqsədi kimi xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaları dəstəkləmək və onlara kömək göstərmək üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmləri yaratmaqdır.
"Bunun üçün Azərbaycan və Meksika tərəfləri məsləhətləşmələr, məlumat, təcrübə və sənəd mübadiləsi aparacaq, birgə təlimlər təşkil edəcəklər.
Anlaşma Memorandumunda hüquq və azadlıqların, habelə milli mədəni dəyərlərin qorunmasının, cəmiyyətə inteqrasiyanın, habelə xaricdə yaşayan milli icmaların mədəni irsinin tanınmasının vacibliyi qeyd olunur. Müasir dünyada qloballaşma prosesinin inkişafında və sivilizasiyalararası dialoqun genişlənməsində milli icmaların və diasporun artan rolu təsdiqlənir. Hər iki ölkənin hökumətlərinin daxildə və xaricdə öz vətəndaşlarının xeyrinə həyata keçirdikləri təşəbbüslər vurğulanır.
Müxtəlif ölkələrdəki soydaşlarımızın və Azərbaycan icmalarının yaşadıqları cəmiyyətlərdəki mövqelərinin gücləndirilməsi məqsədilə komitənin gələcək beynəlxalq əməkdaşlıq arealının genişləndirilməsi nəzərdə tutulur".







