Bakı. TurkicWorld:
İdarəçilik süni intellekt və biotexnologiya ilə uyğunlaşdırıla bilər, amma proses davamlı və artan olmalıdır.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsas problem vaxt məsələsidir:
"Əgər innovasiyanı uzun müddət tənzimləsək, onu məhv edə bilərik. Ona görə də mühüm nöqtəni müəyyən etmək lazımdır. Cəmiyyətin digər təbəqələri üçün də bu şərait yaradılmalıdır. Yol xəritəsinin hazırlanması, tələblərin müəyyənləşdirilməsi və hüquqi tənzimləyici çərçivənin davamlı təkmilləşdirilməsi vacibdir. Azərbaycan kifayət qədər cəsarətlidir və daim öyrənir. Praktikada hər şeyi müşahidə edirik".
O qeyd edib ki, əvvəlki səhvləri nəzərə alaraq irəliyə doğru inkişaf imkanlarını qiymətləndirən sənəd imzaladıq.
"Siyasi mədəniyyətimizdən irəli gələn hədəf və məqsədləri uyğunlaşdırmağa çalışırıq. Bu, bəzi maneələrin aradan qaldırılmasına imkan yaradır.
Biz kifayət qədər uğurlu variant tapmışıq. Bu, tənzimləyici çərçivədir. Təhsil sahəsi və iqtisadiyyatda idarəçilik üçün çərçivə yaradılır, həmçinin özünü inkişaf etdirmək və bilik əldə etmək üçün şərait təmin edilir. Belə müvafiq tənzimləyici çərçivə olduqda, hökumət prosesi idarə etmək üçün əlində alətlərə malik olur və eyni zamanda uyğun ekosistemi cəmiyyət üçün qura bilir", - deyə nazir əlavə edib.







