BAKI,TurkicWorld
Azərbaycan Körfəz regionunda yerləşən bəzi kiçik dövlətlərdən biri deyil. Azərbaycan Qarabağ zəfərini qazanmış, quruda və havada regional güc olan dövlətdir. Hər kəs hesabını buna uyğun aparmalıdır.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz TurkicWorld-ə açıqlamasında bildirib ki, İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən və məktəb ərazisi ilə hava limanı yaxınlığında partlayan dron hücumu qəbuledilməz və düşmən xarakterli addımdır.
Onun sözlərinə görə, mülki şəxslərin və mülki infrastrukturların hədəfə alınması beynəlxalq humanitar hüquq baxımından ağır pozuntu sayılır.
“İran tərəfindən Azərbaycana, Naxçıvana qarşı mülki şəxslərə, məktəb ərazisinə və hava limanı kimi mülki obyektlərə yönələn hücum qəbuledilməzdir və düşməncəsinə davranışdır. İran öz ərazisində məktəbdə öldürülən qız şagirdlərinin ölümünü insanlıq cinayəti kimi qiymətləndirir. Bu halda Naxçıvanda məktəb ərazisi və hava limanı yaxınlığında günahsız insanlara qarşı həyata keçirilən hücum da eyni şəkildə insanlıq cinayəti kimi dəyərləndirilməlidir” – deyə Karauz bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan regionda sıradan dövlət deyil və ölkə həm hərbi, həm də siyasi baxımdan güclü regional aktorlardan biridir.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə həm quruda, həm də havada ciddi hərbi imkanlara malik olduğunu nümayiş etdirib.
Karauz əlavə edib ki, regiondakı aktorlar hər hansı addım atarkən Azərbaycanın hərbi və siyasi gücünü nəzərə almalıdır.
Ekspert həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin qüvvədə olduğunu xatırladıb.
Karauz bildirib ki, Türkiyə və Azərbaycana qarşı yönələn hər hansı təhlükə və hücumlara qarşı iki ölkə müttəfiqlik çərçivəsində adekvat cavab vermək imkanına malikdir.
“Şuşa Bəyannaməsi qüvvədədir. Türkiyə və Azərbaycana qarşı edilən hücumlara qarşı iki qardaş ölkə Şuşa hüququ və Şuşa yumruğu ilə lazımi cavabı verəcək gücdədir” – deyə o əlavə edib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib







