BAKI, TurkicWorld
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
İsrailin “Technion” İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə ölkəmizdə təsis edilən “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycanla İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.







