Son dəqiqə

Azərbaycan Heydər Əliyev Rumıniya Anım günü Ümummilli Lider Heydər Əliyevin anım günü

Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib

Bakı,TurkicWorld

9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə "Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu" adlı dəyirmi masa təşkil edilib.

Bu barədə TurkicWorld-ə səfirlikdən məlumat verilib.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən, Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi dövlətçiliyimizdəki xidmətlərindən danışmışdır. Heydər Əliyev irsinin günümüzdə prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd etmişdir. O, cari ilin avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırmış, artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını ölkəmizin xoş niyyət göstəricisi kimi səciyyələndirmişdir.

Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), Rumıniya Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi videomüraciətdə ümummilli liderlə bağlı xatirələrini danışmış, ötən əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs etmişdir.

Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet Varol, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək qiymət vermişlər.

Tədbirin sonunda ümummilli liderin anım gününə həsr edilmiş qısametrajlı sənədli film izlənilmişdir.

Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı tərəfindən geniş işıqlandırılmışdır.

Tədbirdə Qazaxıstanın Rumıniyadakı Səfirliyinin təmsilçiləri, "SOCAR Petroleum SA" şirkətinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran azərbaycanlılarının icmalarının nümayəndələri iştirak etmişlər.

Həmçinin mərasim iştirakçılarına Ümummilli liderin keçdiyi həyat yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılmışdır. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilmişdir.

Mövzuya görə xəbərlər