Azərbaycan Bakı İsveçrə Elçin Əmirbəyov

Elçin Əmirbəyov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb

BAKI,TurkicWorld

İsveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində burada yerləşən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanıb. Ölkəmizdə mina və partlamamış sursatlar probleminin miqaysı və onun aradan qaldırılması istlqamətində Azərbaycan dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədə həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizin Cenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd edib.

Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış "Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair" Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə ediblər.

Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzin Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə o, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayaraq, səfər zamanı azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib.

Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini tövsiyyə edib.

Mövzuya görə xəbərlər